باغێشلاما بیزی وطن ... Bağışlama bizi VƏTƏN

یازار : مجید زنگانلی (Məcid Zənganli)

+0 به‌یه‌ن - پسندیدن



اونوتدوق تاریخی، اؤتن زامانێ ... Unutduq tarixi, ötən zamanı

اونوتدوق تۏرپاغا تؤكۆلن قانێ ... Unutduq torpağa tökülən qanı

اونوتدوق فرقینی یاخشێ - یامانێ ... Unutduq fərqini yaxşı - yamanı

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

گؤرسك ده كؤكسۆنه باتان قێلێنجێ ... Görsək də köksünə batan qılıncı

باشێمێز آلتێنا قۏیدۏق بالێنجێ ... Başımız altına qoyduq balıncı

دۏغراندێن، بؤلۆندۆن سن خێنجێم - خێنجێم ... Doğrandın, bölündün sən xıncım - xıncım

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

ایشیمیز - پئشه‌میز اۏلدو آهۆ - زار ... İşimiz - peşəmiz oldu ahü - zar

فریاد سسیمیزدن فلك ده بئزار ... Fəryad səsimizdən fələk də bezar

اؤلمه‌میش سنین‌اۆچۆن قازدێق مزار ... Ölməmiş səninüçün qazdıq məzar

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

آلداتدێ دیولری چۏخ‌بیلمیش چێرتدان ... Aldatdı divləri çoxbilmiş cırtdan

آیێرا بیلمه‌دیك قوزونو قورددان ... Ayıra bilmədik quzunu qurddan

هامێ جان‌دان كئچدی، بیز ایسه یورددان ... Hamı candan keçdi, biz isə yurddan

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

یاغێ‌یا یئدیرتدیك گؤزۆن یاغێنێ ... yağıya yedirtdik gözün yağını

یاندێرا بیلمه‌دیك كۏر چێراغێنێ ... yandıra bilmədik kor çırağını

قوشلاردان آلێرێق سس سۏراغێنێ ... quşlardan alırıq səs sorağını

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

سنی اسیر ایكن قۏیموشوق داردا ... Səni əsir ikən qoymuşuq darda

جنگاور روحوموز هاردادێر، هاردا ... Cəngavər ruhumuz hardadır, harda

قۏینونا گلمه‌دیك، اۏف، بو باهار دا ... Qoynuna gəlmədik, of, bu bahar da

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

گۆنش ایچیمیزده ائیله‌ییب قۆروب ... Günəş içimizdə eyləyib qürub

سرحدسیز صبریمیز ایللری یۏروب ... Sərhədsiz səbrimiz illəri yorub

یۏللار یئتیم كیمی بۏینونو بوروب ... Yollar yetim kimi boynunu burub

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

حسرت‌دن یانێب‌دێر اۏ قارا باغرێن ... Həsrətdən yanıbdır o qara bağrın

آغلاماق‌دان كۏردو نئچه بولاغێن ... Ağlamaqdan kordu neçə bulağın

آخێر یاراسێن‌دان قان قاراباغێن ... Axır yarasından qan Qarabağın

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

قفسه سالێب‌لار قوش قلبیمیزی ... Qəfəsə salıblar quş qəlbimizi

دیدیر پئشیمانلێق، "كاش" قلبیمیزی ... Didir peşimanlıq, "kaş" qəlbimizi

قبیر داشێ ائیله داش قلبیمیزی ... Qəbir daşı eylə daş qəlbimizi

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

هَله كی، ویجدان‌لار قۏیولوب دینجه ... Hələ ki, vicdanlar qoyulub dincə

كؤكسۆنۆ اؤتۆرۆر مغرور الینجه ... Köksünü ötürür məğrur Əlincə

سنین آیاغێنا بیز گلمه‌یینجه ... Sənin ayağına biz gəlməyincə

باغێشلاما بیزی، وطن ... Bağışlama bizi, Vətən

BAĞIŞLAMA BİZİ VƏTƏN
باغێشلاما بیزی وطن

  • [ ]